Əli və Nino—ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu, lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etdi. Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.